info@bsm.az +99450 530 94 17 Bakı ş Pirşağı,Savxoz - 2
Ana Səhifə Haqqımızda

Haqqımızda

Dünyada son onilliklərdə baş verən iqlim dəyişilikləri zəminində, hər bir ölkənin ərzağa olan tələbatının dinamikliyinin təmin olunmasında elmi nailiyyətlərin və innovasiyaların nəticələrinin tətbiqinin böyük əhəmiyyəti var.

Təqribən son 150 il müddətində bitki genetikası, seleksiyası, fiziologiyası və digər elm sahələrində elm adamlarının əldə etdikləri nailiyyətlər sayəsində, daha məhsuldar və eyni genotipdə bir neçə faydalı əlamətləri birləşdirən sortlar yaratmaq mümkün olmuşdur. Elmi araşdırmalar göstərir ki, müxtəlif aqrotexniki tədbirlərin (torpağın hazırlanması, səpin norması, səpin müddəti, gübrələrdən istifadə, alaqlara, xəstəlik və zəzərvericilərə qarşı mübarizə) məhsuldarlığa təsirini nəzərə almasaq, sadəcə yeni yaradılmış məhsuldar sortun tətbiqi, məhsuldarlığı 10-52 % artırmağa imkan verir. Odur ki, Bitki Seleksiya Mərkəzinin fəaliyyətinin əsas istiqamətini kompleks əlamətlərə malik, məhsuldar sortların yaradılması təşkil edir. Məqsədimiz:

  • Ölkə üçün prioritet sayılan kənd təsərrüfatı bitkilərinin (buğda, arpa, qarğıdalı, çovdar, tritikale, noxud, mərcimək, yem bitkiləri və s.) yüksək məhsuldar və keyfiyyətli sortlarının yaradılması, dövlət reyestrində qeydiyyatdan keçirilməsi, qeydiyyata alınan sortların ilkin toxumçuluğunun təşkili (orijinal, superelit və elit toxum istehsalı) və geniş yayılmasına nail olmaq, eyni zamanda daxili bazarda sort yaradılması istiqamətində rəqabətin yaradılmasıdır.

 

Bitki Seleksiya Mərkəzi ümumilikdə aşağıda göstərilən fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərir: 

  • Quraqlığa və duza tolerantlıq (davamlılıq) göstərən məhsuldar sortların yaradılması;
  • Xəstəlik və zərərvericilərə tolerantlıq (davamlılıq) göstərən sortların yaradılması;
  • Dəninin və çörəkbişirmə keyfiyyəti yüksək olan buğda sortlarının yaradılması;
  • Makaron sənayesi üçün bərk buğda sortlarının yaradılması;
  • Yemlik keyfiyyəti yüksək arpa sortlarının yaradılması;
  • Pivəlik arpa sortlarının yaradılması;
  • Yem bitkilərinin yeni sortlarının yaradılması;
  • İlkin toxumçuluq sahəsində (orijinal, superelit və elit toxum istehsalı) xidmətlərin təşkili və seminarların keçirilməsi;
  • Pivot altı və ənənəvi suvarılan ərazilərdə buğda, arpa, çovdar, tritikale, qarğıdalı, noxud, mərcimək, yonca bitkilərinin becərməsinin texnoloji xəritələrinin işlənməsi və texnoloji xəritə üzrə işin icrası.   
  • Dənli-taxıl və dənli-paxlalı bitkilərin aprobasiyası sahəsində fiziki və hüquqi şəxslərə təlimlərin keçirilməsi;
  • Dənli-taxıl və dənli-paxlalı bitkilərin becərilmə texnologiyası sahəsində fiziki və hüquqi şəxslərə təlimlərin keçirilməsi;

 Hal-hazırda Bitki Seleksiya Mərkəzi yeni buğda və arpa sortlarının yaradılması istiqamətində Biləsuvar və Quba rayonlarında elmi-tədqiqat işləri aparır.